Bakı. Trend:
Cənubi Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə 2018-ci il
bağlanmış hərbi deeskalasiya sazişini tam dayandırdıqdan sonra iki
ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında və şimal-qərb
adalarında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi
Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bu qərar ölkə Prezidenti Yun Sok Yolun Şimali Koreyanın son
günlərdə hava şarları ilə Cənubi Koreyaya zibil göndərməsinə cavab
olaraq hərtərəfli hərbi sazişin tamamilə dayandırılması təklifini
dəstəkləməsindən sonra verilib. Nazirlik ölkə əhalisinin
sağlamlığını qorumaq üçün bütün lazımi addımların atılacağını bəyan
edib.
“Bu vəziyyətin yaranmasında bütün məsuliyyət Şimali Koreya
rejimindədir və Şimal əlavə təxribat törətməyə çalışsa, ordumuz
möhkəm Cənubi Koreya və ABŞ birgə müdafiə mövqeyinə əsaslanaraq
sərt cavab tədbirləri görəcək”, – deyə Müdafiə Nazirliyinin
açıqlamasında qeyd olunur.
Hərbi sazişin dayandırılması Cənubi Koreyaya sərhəd zonada
səsgücləndirici vasitələrlə təbliğat yayımını bərpa etməyə imkan
verəcək.
Qeyd edək ki, 2018-ci il sentyabrın 19-da imzalanmış
Koreyalararası saziş iki ölkə arasında hərbi gərginliyin
azaldılmasına yönəlmiş bir sıra tədbirləri, o cümlədən sərhədyanı
ərazilərdə hərbi təlimlərin qadağan olunduğu bufer zonaların
yaradılmasını nəzərdə tutur.
Ötən ilin noyabrında KXDR-in hərbi kəşfiyyat peykini orbitə
çıxarmasında cavab olaraq Seul hərbi sazişin bəzi müddəalarını
dayandırdığını elan etmişdi. Pxenyan bunun ardınca müqavilədən
tamamilə çıxdığını bəyan edib.





























