
Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl
Nəhyan ilə telefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı
ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən
işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq
perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə
olunub.
Bununla yanaşı, bölgəmizdə post-münaqişə dövründə
köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması və
yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin
minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən
ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım
göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə
təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu
vurğulanıb.
Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və
Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik
Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin
Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri
üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində
əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi
çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri,
ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində
əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda
əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini
çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.





























