
Bakı. Trend:
“Masdar” Azərbaycanda 2030-cu ilədək 10 qiqavatta qədər qədər
təmiz enerji istehsal etməyi planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə “Masdar” şirkətinin baş icraçı direktoru
Mohamed Cəmil Al Ramahi bu gün Azərbaycanda 1 qiqavatt gücündə
günəş və külək enerjisi stansiyaslarının təməlqoyma mərasimində
deyib.
“Azərbaycan “Masdar” üçün əsas strateji bazardır. SOCAR-ın
tərəfdaşlığı ilə bu 1 qiqavatt gücündə yenilikçi külək və günəş
layihələri sayəsində Azərbaycanda 2030-cu ilədək 10 qiqavatta qədər
təmiz enerji istehsalına dair iddialı planımızı həyata keçirmək
istiqamətində mühüm addım atırıq”, – o deyib.
Onun sözlərinə görə, ötən il regionda ən böyük işlək elektrik
stansiyası olan 230 meqavatt gücündə Qaradağ günəş elektrik
stansiyasının açılışı və hazırlıq mərhələsində olan digər mühüm
layihələrin fonunda “Masdar” COP29 ərəfəsində və sonrakı dövrdə
ölkədə təmiz enerji konsepsiyasının reallaşdırılmasını dəstəkləyir
və sürətləndirir.
Qeyd edək ki, üç layihəyə 445 MVt gücündə Biləsuvar, 315 MVt
gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə
Abşeron-Qaradağ külək elektrik stansiyası daxildir. Layihələr üzrə
investisiya razılaşmaları 2023-cü ilin oktyabrında əldə edilib,
bundan sonra elektrik enerjisinin satın alınması, elektrik
ötürülməsi xəttinə qoşulma və torpaq icarəsinə dair müqavilələr
imzalanıb.
Bakı Enerji Həftəsinin açılışında keçirilən mərasim “Masdar”
şirkətinin Azərbaycanla qlobal strateji tərəfdaş olaraq
uzunmüddətli əməkdaşlığa sadiqliyini təsdiqləyir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























