
Bakı. Trend:
“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız
Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell”
hakatonu yekunlaşdı. Qaliblərin mükafatlandırma mərasimi UFAZ
universitetində baş tutdu.
Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi
departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın
əhəmiyyətini vurğuladı. “Azercell innovativ düşüncə tərzi, bilik və
bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən
layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT
mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması
üçün lazımi şəraitin yaradılması hər zaman diqqət
mərkəzimizdədir”,- deyə D. Hüseynova bildirdi.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə
Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və
texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli
olduğunu bildirdi.
Münsiflər heyətinin qərarına əsasən hakatonun bu ilki qalibi
UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu. İkinci yerə
Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası,
üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən
“Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı
və dəyərli hədiyyələr təqdim edildi.
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi
müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazandı. 18-19 may
tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın
peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar
şəklində yarışdılar. Onlar informasiya texnologiyaları,
kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar
üzərində işlədilər, bu mövzuları əhatə edən proqramlaşdırma
tapşırıqlarını yerinə yetirdilər.
Qeyd edək ki, “Techcell” hakatonu Azercell və UFAZ -ın birgə
əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü
hakatondur.



























