
Bakı. Trend:
5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür və bugün bütün
insanların diqqətini ekologiya problemlərinə cəlb etmək məqsədi
daşıyır.
Qlobal istiləşmə, meşələrin qırılması, havanın çirklənməsi, ozon
qatının dağılması, tullantılarla çirklənmə, quraqlıq – bəşəriyyət
bu və bir çox digər problemlər, eləcə də onların nəticələri barədə
təkcə əlamətdar tarixlə əlaqədar olaraq deyil, hər gün
düşünməlidir.
Belə ki, Azərbaycanda bu yaxınlarda iqlim dəyişmələrinin
nəticələrinin yüngülləşdirilməsi və adaptasiya üzrə məktəb
simpoziumu (Symposium on Climate Change Mitigation and Adaptation
measures) keçirildi. Tədbirin əsas məqsədi gənc nəsli ekologiya ilə
əlaqədar məsələlərin birgə həllinə cəlb etmək idi. Simpozium
“EU4Climate” regional proqramı çərçivəsində keçirildi və BMT-nin
İnkişaf Proqramı (BMTİP) tərəfindən Avropa İttifaqı (Aİ) və
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşlığı ilə təşkil olunmuşdu.
Simpoziumda BMTİP, Aİ və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndələri “The Future Starts Here” (Gələcək burada
başlayır!) müsabiqəsinə təqdim olunan iqlim dəyişmələrinin
nəticələrinin yüngülləşdirilməsi və adaptasiya tədbirləri üzrə
tədqiqat layihələri ilə tanış olublar. Müsabiqədə 13 məktəbdən
100-ə yaxın yuxarı sinif şagirdi iştirak edib.
Müsabiqə şagirdləri təkcə ətraf mühit problemlərindən danışmaq
deyil, həm də həllər təklif etmək üçün platforma ilə təmin
etdi.
Müsabiqənin qalibi Tahir Həsənov adına 23 saylı məktəbi təmsil
edən komanda oldu. Komandanın üzvləri Əminə Əlibəyli, Heydər
Rüstəmli, Məryəm Aslanova, Fərid Axundov, Ervin Camalov, Emil
Əbdüləzimov, Fərid Axundov və Fəqan Əliyev idi.
Tahir Həsənov adına 23 saylı məktəbin fizika müəllimi, sinif
rəhbəri Tamilla Bağırovanın rəhbərliyi ilə gənclər bir sıra
tədqiqatlar aparıb və Bakının şimal hissəsində yerləşən Masazır
gölünün təmizlənməsi üzrə lahiyə hazırlayıblar.
Tamilla Bağırova bildirir ki, ekologiya, ətraf mühitin
mühafizəsi mövzuları daima onun şagirdlərinin diqqət mərkəzində
olub. Lakin Azərbaycan sahillərini yuyan Xəzər dənizinin və Masazır
gölünün çirklənməsi onları xüsusilə narahat edib.
“Düşünürəm ki, uşaqlar gələcəkdə ekologiya və ətraf mühitin
mühafizəsi sahəsində layihələr həyata keçirməyə və ideyaları
reallaşdırmağa davam edəcəklər. Bu onlar üçün maraqlıdır, onlar
planet qarşısında məsuliyyət hiss edirlər”, – pedaqoq deyib.
Layihənin ideoloji ilhamçısı professor, Azərbaycan Memarlıq və
İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq
Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev olub. O,
uşaqların diqqətini Masazır gölünün acınacaqlı vəziyyətdə olmasına
yönəldib.
“Qrupumuz gölə gedib, nümunələr götürüb, xüsusi
laboratoriyalarda təhlillət aparıb. Gənclər gölün təmizlənməsi üzrə
layihə hazırlamaqla öz ölkələrinə fayda vermək istəyib. Layihə
üzərində işləyərkən bir sıra nəticələrə gəldik: gölün sahil xəttini
tullantılardan və natəmizlikdən təmizləmək, yaxınlıqdakı yaşayış
məntəqələrindən gələn təsərrüfat-məişət tullantı suları üçün
mərkəzləşdirilmiş kanalizasiya sistemi qurmaq, təmizlənmiş sudan
texniki məqsədlərlə (misal üçün, yaşıllıqların suvarılması,
avtomobilllərin yuyulması və s.) istifadə olunacağını düşünmək
lazımdır. Həmçinin gölün təbii suyunun kimyəvi tərkibini öyrənərək,
gələcəkdə sahildə ixtisaslaşmış sağlamlıq mərkəzləri tikmək mümkün
olacaq”, – pedaqoq deyir. O, göldə suun səviyyəsinin bəzən
yüksəldiyinə və nəticədə sahil xəttindəki bütün tullantıların suya
düşdüyünə diqqət yetirib.
Tamilla Bağırovanın sözlərinə görə, “EU4Climate” proqramı
çərçivəsində məktəb simpoziumu ekoloji problemlərə təkcə komanda
üzvlərinin deyil, həm də məktəbin digər şagirdlərinin cəlb
edilməsində böyük rol oynayıb.
“Biz öz tədqiqatlarımızı aparanda demək olar ki, bütün məktəb
bununla maraqlanırdı. Şagirdlər yaxınlaşaraq işimizin necə
irəlilədiyini soruşurdular”, – o deyib.
Pedaqoq əlavə edib ki, simpozium şagirdlərin öz layihələri
barədə danışması, ideyalarını geniş auditoriyaya çatdırması üçün
möhtəşəm imkan yaradıb.
“Layihələrin təqdimatından sonra ekologiya mövzusunda
intellektual oyun keçirildi. Oyun sayəsində şagirdlər ekologiya
mövzusunda bir çox yeni şey öyrəndi”, – deyə Tamilla Bağırova qeyd
edir.
Komanda üzvlərindən biri, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin tələbəsi Fərid Axundov qeyd edib ki, Masazır
gölünün çirklənməsi ölkənin xüsusi diqqət tələb edən ekoloji
problemlərindən biridir.
“Tərəf müqabilim Ervin Camalovla ilə layihə üzərində işləyərkən
müşahidələr aparır, məlumatlar toplayır, mənbələrlə işləyir,
fərziyyələri yoxlayır və nəticələri emal edirdik. Bu fəaliyyətin
yekunlarına əsasən təqdimat yaratdıq. Layihəni hazırlamaq iki ilə
yaxın vaxtımızı aldı. Onun ideyası Masazır gölünün titan dioksid
nanohissəciklərindən istifadə edərək fotokataliz üsulu ilə
təmizlənməsidir”, – Fərid Axundov deyib.
Gənclər bu layihəni müsabiqədə təqdim edib və “Ən yaxşı çıxış”
nominasiyası üzrə qalib olublar. Onlar həmçinin ətraf mühit və
ekologiya məsələləri üzrə intellektual oyunda birinci yer
tutublar.
Fəridin sözlərinə görə, müsabiqə gəncləri ekoloji problemlərin
həllinə cəlb etməyə kömək edib:”Burada 13 məktəb öz maraqlı və
ilhamverici layihələri ilə iştirak edirdi. Onların hər biri
ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına kömək edəcək”.
Gənc özünün də bugünədək müxtəlif könüllü tədbirlərdə – dəniz
sahilinin tullantılardan təmizlənməsində, ağacların əkilməsində –
fəal iştirak edir. “Bütün bunlar planetimizi hər gün daha da
yaxşılaşdırır”, – Fərid deyib.
Komandanın digər üzvü Emil Əbdüləzimov xatırlayır ki, Masazır
gölünü ilk dəfə görəndə onun qeyri-adi gözəlliyinə heyran olub.
Gənc eyni zamanda bildirib ki, sahildəki tullantıların miqdarı və
çirkab sularının gölə axdığı kanalizasiya boruları onu hədsiz
kədərləndirib.
“Həmin vaxt anladıq ki, gölü xilas etmək lazımdır. Mən və tərəf
müqabilim Heydər Rüstəmli ilə laboratoriya fəaliyyəti ilə məşğul
olur, təcrübələr aparır, suyun təmizlənməsi üçün optimal variantlar
axtarır və digər ölkələrdə tətbiq olunan metodu tapdıq. Lakin biz
onu təkmilləşdirdik!”, – Emil deyir.
“Mən gələcəkdə mühəndis-kimyaçı olacağam. Hazırda Bakı Ali Neft
Məktəbində təhsil alıram və bu cür müsabiqədə iştirak mənim üçün
laboratoriyada fəaliyyət təcrübəsi əldə etmək nöqteyi-nəzərindən
vacib idi, – Emil deyib. – Gələcəkdə planetimizi müxtəlif növ
çirklənmələrdən təmizləmək üçün metodlar işləyib hazırlamaq və ya
konstruksiyalar yaratmaq istəyirəm”, – deyə o əlavə edib.
O da Azərbaycan gənclərinin ekoloji problemlərdən narahat
olduğunu qeyd edir: “Müsabiqədə xeyli sayda mühüm layihələr və
digər iştirakçıların marağını gördük. Müsabiqənin təşkilatçıları
komandamıza təkcə bu gölün deyil, ümumiyyətlə su hövzələrinin
çirklənməsinin vacibliyini insanlara xatırlatmaq imkanı verdi”.
Əminə Əlibəyli hazırda ADA Universitetinin Beynəlxalq
Münasibətlər fakültəsində təhsil alır. Gənc qızın sözlərinə görə,
gələcək peşəsi ekoloji problemləri bütün dünyaya çatdırmasına kömək
edəcək.
“Masazır gölünü uşaqlıqdan xatırlayıram. Çox təəssüf edirəm ki,
o bir neçə il ərzində bu dərəcədə güclü çirklənib. Əlbəttə, hazırki
vəziyyətdə təqsirin böyük hissəsi insanlardadır, lakin bu problemi
həll etmək iqtidarındayıq”, – Əminə deyib.
Onun Məryəm Aslanova və Fəqan Əliyevin də daxil olduğu komandası
su hövzələrinin təmizlənməsi üçün öz metodunu işləyib hazırlayıb.
Komanda təqdimatını elə tərtib etməyə çalışıb ki, layihənin ideyası
hətta mövzudan anlayışı olmayanlar üçün də aydın olsun. “İmkanım
olarsa, bu təmizləmə üsulunu geniş ictimaiyyətə çatdırmağa
çalışacağam”, – Əminə deyir.
“Müsabiqədə qələbı şəxsən mənim üçün ekologiya və ətraf mühitin
çirklənməsi ilə bağlı məsələləri öyrənmək üçün böyük stimul oldu.
Bu yaxınlarda universitetdə qlobal istiləşmə ilə əlaqədar bir
layihənin rəhbəri oldum. Su hövzələrinin çirklənməsi ilə yanaşı,
havanın çirklənməsi, meşələrin qırılması, qlobal istiləşmə və s.
kimi məsələlərə də diqqətimizi artırmalıyıq. Bu problemlərin
həllinə indi başlamasaq, vəziyyət daha da pisləşəcək”, – Əminə
Əlibəyli deyib.
Hazırda Dokuz Eylül Universitetinin tibb fakültəsində təhsil
alan Heydər Rüstəmli simpoziumda digər məktəblərdən olan
iştirakçıların layihələri ilə tanış olub və onların öz işlərində
ekologiya ilə bağlı olduqca mühüm məsələləri qaldırdığını qeyd
edib.
“Bunlar suyun çirklənməsi, qlobal istiləşmə, havanın çirklənməsi
və planetimizin gələcəyinə təsir edən digər mövzulardır”, – deyə
Heydər sadalayıb.
Simpoziumda səslənən bir prinsip xüsusən onun yadında qalıb:
bizim başqa planetimiz yoxdur, biz bu planetdə yaşayırıq və onu
qorumalı, qayğısına qalmalıyıq.
“Bu, bizim ümumi vəzifəmizdir. İctimaiyyətin və gənclərin
nümayəndələrinin diqqətini bu problemlərə cəlb etmək üçün ekoloji
mövzularda simpoziumlar, müsabiqələr keçirmək lazımdır. Bu işdə KİV
və digər informasiya mənbələrinə böyük rol verilməlidir”, – deyən
Heydər əlavə edir: “Şəxsən mən sudan və elektrik enerjisindən
səmərəli istifadə edirəm, tullantıları çeşidləyirəm. Hesab edirəm
ki, hər bir şüurlu vətəndaş bunu etməlidir”.
Gənclər yekdilliklə vurğulayıblar ki, şübhəsiz, layihələrini
həyata keçirə bilsələr, bu, təkcə ölkəyə deyil, bütün planetə fayda
verəcək.
“Biz gölün sahil xəttini tullantılardan təmizləmək, elə etmək
istəyirik ki, sahildə insanlar dincələ bilsin, müalicə-sağlamlıq
tədbirləri görülsün”, – deyə onlar əlavə edib.
Onların məqsədyönlülüyünü görən pedaqoq Tamilə Bağırova
gənclərin uğur qazanacağına şübhə etmir. “Gələcək buradan başlayır”
müsabiqəsi 13 məktəbin şagirdləri üçün öz ölkələrindəki ekoloji
problemlərin həllindən başlayaraq planetin gələcəyini dəyişməsi
üçün möhtəşəm stimul oldu.
Məqalə ‘EU NEIGHBOURS east’ layihəsi çərçivəsində
yazılıb. Məqalədə səsləndirilən fikirlər yalnız müəllifə
aiddir.
Müəllif: Cani Babayeva





























