
Bakı. Trend:
İyunun 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA)
13-cü Plenar iclası çərçivəsində Qadın Parlamentarilər Qrupunun
3-cü iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Qadınlar –
TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu,
sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunmuş tədbiri
TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri, Türkiyə Böyük Millət
Məclisinin üzvü Zeynep Yıldız açaraq, yaradılan şəraitə və
qonaqpərvərliyə görə Azərbaycan tərəfinə öz təşəkkürünü ifadə
edib.
Z.Yıldız çıxışında qadınlar və kişilər üçün bərabər imkanların
yaradılması, qadınların səlahiyyətlərinin genişləndirilməsi, hamı
üçün davamlı və inklüziv iqtisadi artımın təmin edilməsi,
məşğulluğun və layiqli iş mühitini təşviqinin vacibliyindən söhbət
açıb. O, qeyd edib ki, iqtisadiyyatın dayağı və sahibkarlığın
hərəkətverici qüvvəsi olan qadın sahibkarlığının inkişafı böyük
əhəmiyyət kəsb edir.
Sonra iclasda Azərbaycan Milli Məclisinin deputatları Məlahət
İbrahimqızı, Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku
Keneşinin üzvü Çolpon Sultanbekova, Özbəkistan Respublikası Ali
Məclisi Senatının üzvü Gülnora Marufova, Özbəkistan Ali Məclisi
Qanunvericilik Palatasının üzvü Umidaxon Zakirova, Şimali Kipr Türk
Respublikası Məclisinin üzvü İzlem Gürçağ Altuğra çıxış
ediblər.
Parlamentarilər müasir dünyada qadınların cəmiyyətin bütün
sahələrində təmsil olunduğunu, o cümlədən dövlətin idarə
olunmasında fəal iştirak etdiyini, sosial-iqtisadi həyatda gender
bərabərliyinin təmin edildiyini bildiriblər. İclas iştirakçıları
ictimai-siyasi həyatda qadınların artan rolundan, onların
iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyəti üçün uyğun şəraitin
yaradılmasının vacibliyindən bəhs ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, qadın sahibkarlığının
inkişafı cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına,
qadınların iqtisadi və sosial nüfuzunun artmasına, yoxsulluğun
azaldılmasına xidmət edir. Qadın parlamentarilər, həmçinin birgə
səylərin vacibliyi, əməkdaşlığın perspektivləri barədə fikirlərini
bölüşüblər.
İclas iştirakçıları həyatın bütün sahələrində gender
bərabərliyinin təmin edilməsi sahəsində öz ölkələrinin
təcrübəsindən də danışıblar.
M.İbrahimqızı və S.Vəliyeva Azərbaycanda qadınların
ictimai-siyasi həyatda fəal iştirak etdiyini, onların rəhbər
vəzifələrdə geniş təmsil olunduğunu, habelə iqtisadiyyatın müxtəlif
sahələrində rolunun artdığını vurğulayıblar.
Ölkəmizdə qadın sahibkarlığının inkişafına dövlət dəstəyindən,
bu istiqamətdə qəbul edilən proqramlardan, həyata keçirilən
layihələrdən söhbət açıblar. Millət vəkilləri bu sahədə
qanunvericiliyin təkmilləşdirildiyini də diqqətə çatdırıblar.
İclasın sonunda mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə
qərarı qəbul edilib.





























