Advertisement

Naxçıvandan Türkiyə və Aİ-yə “yaşıl” enerji ixrac ediləcək

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası 5 QVt bərpa olunan enerji mənbələri
(BEM) potensialı ilə “yaşıl” enerji ixracatçılarından biri
olacaq.

Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran
Hüseynov Bakı Enerji Forumunda deyib.

“Naxçıvandan, əsasən, yeni günəş elektrik stansiyalarından (GES)
Türkiyəyə və sonra da, ola bilsin ki, Avropaya elektrik enerjisi
ixrac etməyi planlaşdırırıq”, – o deyib.

Naxçıvan Azərbaycanda “yaşıl” enerji zonası elan edilib.
Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında BEM-in
yaradılmasına xarici şirkətləri cəlb edir. Xüsusən “TotalEnergies”
və “Nobel Energy” şirkətləri Naxçıvanda ümumi gücü 650 MVt olan
GES, “Masdar” (BƏƏ) – 150 MVt gücündə GES, Almaniyanın “Notus”
şirkəti Naxçıvanın şimal-qərbində 70 MVt gücündə GES layihələrini
elan ediblər, digər layihələr də öyrənilir.

K.Hüseynov, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin də “yaşıl” enerji zonaları olduğunu və burada 2 GVt
gücündə BEM potensialının yaradılacağını xatırladıb.

“Xüsusən bu yaxınlarda “Nobel Energy” ilə Cəbrayıldakı GES inşa
edilməsi barədə razılığa gəldik. Həmçinin, Çin şirkətləri ilə
işğaldan azad edilmiş ərazilərdə BEM üzrə danışıqlar aparırıq”, – o
deyib.

Onun sözlərinə görə, Azərbaycanda BEM-ə bütün xarici
investisiyalar dövlət-özəl tərəfdaşlıq mexanizmi ilə həyata
keçirilir və bu, yaxşı nəticələr verir. AREA direktorunun müavini
qeyd edib ki, 2024-cü ildə ölkədə elektrik enerjisinin ümumi
balansında BEM-in payı 6 faizdən çox arta, növbəti illərdə isə
30-33 faizə çata bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun