Advertisement

Azərbaycanla Estoniya arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Estoniya
Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə telefon
danışığı baş tutub.

XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı
Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regionda hazırkı
proseslər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi
müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və
qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da
inkişafı üçün əhəmiyyət kəsb etdiyini, Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüşlərin
vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma
prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və
sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən
addımlar barədə qarşı tərəfə məlumat verib. Sülh prosesində bir
sıra həlli tələb olunan məsələlər ilə yanaşı, ümumilikdə real
irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu
diqqətə çatdırılıb.

Nazir delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin
Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri
qaytarılmasını və sərhədin bir qisminin delimitasiyasını ehtiva
edən son razılığın əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
Azərbaycanın prezidentliyi çərçivəsində ölkələrimiz arasında yaşıl
enerjiyə keçid istiqamətində əməkdaşlıq üçün əlavə imkanlar
yarandığı bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.