
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29 konfransının
dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində
ümumi məqsədlərin əldə olunmasına səbəb olan uğurlu və səmərəli
tədbir olması üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır.
Bu barədə Trend-ə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis
Vrienios Drakinos deyib.
“Bakıdakı, eləcə də müxtəlif ölkələrdəki komandalarımız
Azərbaycanı milli, regional və qlobal səviyyədə “yaşıl” maliyyənin
səfərbər olunması üçün konfransın təqdim etdiyi imkanlardan
istifadə etməkdə dəstəkləyəcək”, – o deyib.
Drakinos qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə
mübarizə və dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə
tədbirlərin təşviqində rolu getdikcə daha mühüm əhəmiyyət kəsb
edir
“Ölkə Qafqazda günəş və külək enerjisi istehsalı potensialının
yerləşdirilməsi üzrə lider mövqe tutub və AYİB buna imkan
yaradılmasında mühüm rol oynayıb. Azərbaycanda ən böyük
institusional investor və regionda iqlim maliyyələşdirilməsi üzrə
lider olaraq Azərbaycanın dekarbonizasiya üzrə iddialı proqramının
həyata keçirilməsində təbii tərəfdaşıq”, – deyə regional direktor
bildirib.
AYİB nümayəndəsi xatırladıb ki, ötən il Qaradağda ilk ümumi
təyinatlı günəş elektrik stansiyasına investisiya qoyuluşundan
sonra bank bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk ümumi
təyinatlı külək elektrik stansiyasının tikintisini
maliyyələşdirib.
“Həmçinin flaqman “Yaşıl şəhərlər” proqramımız çərçivəsində
Gəncə şəhərində enerji səmərəliliyini artırırıq. Siyasətə gəlincə,
bərpa olunan enerji mənbələri üzrə hərraclarla bağlı əməkdaşlığımız
Qaradağda günəş enerjisi layihəsinin planlaşdırıldığı kimi
hazırlanması ilə nəticələndi. İndi bu sitmulu inkişaf etdirməyə
kömək etmək istəyirik və COP29-un bunun üçün əla fürsət olduğuna
inanırıq”, – Alkis Vrienios Drakinos sonda deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























