Bakı. Trend:
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri
ilə səyahət turları təşkil edən şəxslərə müraciət edib.
İdarədən Trend-ə verilən
məlumata görə, hazırda səyahət məqsədilə regionlara təşkil olunan
turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə
artmaqdadır.
Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma
fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə
edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar
zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin
reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə
nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının
keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi
ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə
diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə
yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə
artırır.
Baş verə biləcək ağır qəzaların qarşısının alınması və
təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada
ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu
sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata
keşirmələri xahiş olunur.
Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də
onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın
avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə
respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi
hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin
hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh
tədbirləri görülücək.
Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs
verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə
üstünlük verəcək.





























