Advertisement

Avropa İnvestisiya Bankı maliyyələşdiriləcək prioritet layihələri açıqlayıb

Bakı. Trend:

Azərbaycandakı “yaşıl” iqlim layihələri Aİ-nin meyarlarına cavab
verərsə, Avropa İnvestisiya Bankı (EIB) bu layihələri
maliyyələşdirməyə hazır olacaq.

Trend xəbər
verir ki, bu barədə Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz
üzrə regional nümayəndəliyinin rəhbəri Maciej Czura 29-cu Bakı
Enerji Forumunda deyib.

Onun sözlərinə görə, söhbət enerji keçidi və enerji səmərəliliyi
sahələrində mümkün layihələrdən gedir.

Czura bildirib ki, EIB hazırda Avropada Fransa və Portuqaliyada
üzən külək fermaların, ən böyük enerji anbarının (1 milyard avro
kredit) yaradılmasını və “yaşıl” hidrogen layihələrini
maliyyələşdirir.

“Ötən 10 il ərzində biz karbon dioksid qazının tutulması
texnologiyası üzrə layihələrə 1,4 milyard avro ayırmışıq”, – o
deyib.

O, EIB-nin faktiki olaraq iqlim bankına çevrildiyini və qazıntı
yanacağı üzrə layihələrə kredit verməkdən imtina etdiyini
vurğulayıb.

Czuranın sözlərinə görə, bank 2007-ci ildən “yaşıl” layihələrə
təqribən 80 milyard avro ayırıb.

“Biz 2007-ci ildə dünyada ilk dəfə “yaşıl” avro istiqrazlar
buraxdıq və iqlimin maliyyələşdirilməsi üzrə liderik”, – deyə EIB
nümayəndəsi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun