
Bakı. Trend:
Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən
daha yüksək olan pensiya növü təyin ediləcək.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.
Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə
hüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmış
yeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasən
əvvəlki pensiya növünə geri qaytarıla bilsin.
Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavə
olunan yeni – 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlar
üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən
azad olunurlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.





























