Advertisement

Ötən ay 2,9 milyon baş xırdabuynuzlu heyvan peyvəndlənib

Bakı. Trend:

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri Mərkəzi tərəfindən ölkədə xüsusi təhlükəli heyvan
xəstəliklərinə görə epizootik vəziyyət nəzarətdə saxlanılıb, bu
xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki,
“Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər” planına
uyğun olaraq cari ilin may ayında 681171 baş iribuynuzlu (İBH),
2877739 baş xırdabuynuzlu (XBH), 18006 baş təkdırnaqlı heyvan
(TDH), 1051 baş donuzda qarayara xəstəliyinə, 171694 baş
İBH,1210028 baş XBH-da dabaq xəstəliyinə, 391620 baş İBH-da
İnfeksion nodulyar dermatit xəstəliyinə, 905272 baş XBH-da çiçək
xəstəliyinə, 893 baş donuzda klassik taun xəstəliyinə, 22629 baş
İBH və 91066 baş XBH-da bruselyoz xəstəliyinə, 6596 baş sahibli
itlərdə, xəstəliyin rezervuarlarında oral peyvəndləmə üsulu ilə 250
baş sahibsiz it və 500 baş vəhşi heyvanda quduzluğa qarşı
peyvəndləmə tədbirləri aparılıb. Ektoparazitlərə qarşı 54628 baş
XBH və 2785 baş İBH çimizdirilib.

Eləcə də 297 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik
müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib. Heyvan saxlanan
20663 kvadratmetr ərazidə profilaktiki dezinfeksiya, peyvəndləmədən
sonra 1835081 kvadratmetr sahədə məcburi dezinfeksiya və 17190
kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb. Tədbirlərin
həyata keçirilməsində ölkə üzrə 1053 nəfər fərdi baytar mütəxəssisi
fiziki şəxs kimi fəaliyyət göstərib.

Həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin
mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə heyvanların
yemlənməsi, bəslənməsi və saxlanmasında baytarlıq-sanitariya
tələblərinə əməl edilməsinə dair məsləhət və tövsiyələr
verilib.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə həyata keçirilən
profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və
baytarlıq-sanitariya tədbirlərinin vaxtında aparılmasının nəticəsi
olaraq Respublika ərazisində heyvanlar və quşlar arasında iti
yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət
sabitdir. Xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında qarayara
və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri davam
etdirilir.