Advertisement

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının üzvlüyünə seçilib – XİN

Bakı. Trend:

Azərbaycan Respublikası 148 ölkənin səs çoxluğu ilə BMT-nin
İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə
üzvlüyünə seçilib.

Bu barədə Trend-ə XİN-dən
məlumat verilib.

Məlumata görə, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik
Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur.

Azərbaycan Respublikası indiyədək bir dəfə – 2003-2005 və
2017-2019-cu illərdə ECOSOC-un üzvü olub.

54 üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biri olub,
BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional
komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial
sahələrdə işini əlaqələndirir.

BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma
Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq
nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi
nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin
göstəricisidir.

Azərbaycana bu seçkilərdə dəstək verən hər bir ölkəyə təşəkkür
edirik.

Azərbaycan Respublikası Şuraya üzvlüyü zamanı hər zaman olduğu
kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq,
beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcəkdir.