Advertisement

Narkotik vasitələrin qanunsuz dövriyyəsi milli təhlükəsizliyə ciddi təhdiddir

Bakı. Trend:

Bəşəri bəla hesab edilən narkotiklər insanların faciəvi taleyinə
və cinayətkarlığın durmadan artmasına səbəb olan, xalqların və
millətlərin genofondunun məhvinə gətirib çıxara biləcək əsas
amillərdən biridir. Beynəlxalq birliyin bu qlobal problemlə
mübarizədə səyləri birləşdirməsinə, sözügedən sahədə davamlı olaraq
maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata
keçirilməsinə baxmayaraq, narkotik vasitələrin dünyada sürətlə
yayılması müşahidə olunmaqdadır.

Qeyd olunan mənfi hallara dövlətlərin nəzarət mexanizminin
qənaətbəxş səviyyədə olmaması, dünyanın bir çox yerlərində
nəzarətdən kənar ərazilərin mövcudluğu, ölkələrarası geniş
nəqliyyat və tranzit imkanlarının olması kimi məqamlar da təkan
verməkdədir.

Bu gün beynəlxalq aləmdə narkotik vasitələrin qanunsuz
dövriyyəsinə və qaçaqmalçılığına qarşı aparılan mübarizəyə
respublikamız da önəmli töhfəsini verir, yaradılmış beynəlxalq
əməkdaşlıq platformasında vacib rol oynayır. Əminliklə demək olar
ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində
qəbul olunmuş beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda bu
sahə üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün əsaslı milli
qanunvericilik bazası formalaşdırılmışdır.

Məlumdur ki, müstəqilliyin ilk dövrlərindən etibarən Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə göstərilən sahə
üzrə hüquqi müstəvidə mühüm addımlar atılmış, Ulu Öndərin əvəzsiz
səyləri sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1999-cu
il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qəbul
olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstərişi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizənin daha effektiv aparılması, bu istiqamətdə hüquq-mühafizə
orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi,
maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara
sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda
Dövlət proqramları qəbul edilmişdir. Hazırda Prezident İlham
Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə
təsdiq olumuş “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda
Dövlət Təhlükəsizliyi Xidmətinin də qarşısına digər hüquq-mühafizə
orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində vacib vəzifələr
qoyulmuş və onlar hazırda uğurla icra olunmaqdadır. Eyni zamanda,
Dövlət Təhlükəsizliyi Xidməti əsas vəzifəsi narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək,
habelə bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək
olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində də öz
təmsilçiliyini uğurla davam etdirərək bu yönümdə görülən işlərə öz
töhfəsini verməkdədir.

Coğrafi baxımdan əlverişli məkanda, mühüm nəqliyyat
qovşaqlarının və tranzit marşrut xətlərinin mərkəzində yerləşən
Azərbaycanın daim məruz qaldığı narkotik vasitələrin qaçaqmalçılığı
və qanunsuz dövriyyəsi hallarına qarşı Dövlət Təhlükəsizliyi
Xidməti respublikanın və tərəfdaş ölkələrin hüquq-mühafizə
orqanları ilə birgə səmərəli mübarizə aparır, narkotik vasitələrin
Azərbaycan ərazisinə qeyri-qanuni keçirilməsi və ölkəmiz vasitəsilə
digər dövlətlərə daşınması cinayətlərinin və bu qəbildən olan digər
qanunazidd əməllərin qarşısının alınmasında fəal rol oynayır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil
cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik
vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata
keçirmələri müəyyən edilmişdir:

İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya
Federasiyası;

İran İslam Respublikası – Azərbaycan Respublikası – Türkiyə
Respublikası – Rusiya Federasiyası;

İran İslam Respublikası – Azərbaycan Respublikası – Qazaxıstan –
Rusiya Federasiyası – Qərbi Avropa;

İran İslam Respublikası – Azərbaycan Respublikası –
Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya – Ukrayna müharibəsinə
qədər);

İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya
Federasiyası – Yaponiya (Rusiya – Ukrayna müharibəsinə qədər).

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış
tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin
qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının
vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində
yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan
Respublikasının vətəndaşlarını narkotik ticarəti ilə bağlı
cinayətkar fəaliyyətə cəlb edilirlər. Başqa bir qisim
vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində
(tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan
ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR
vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial
şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan
sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar
fəaliyyətə sövq edilirlər. Bununla da narkotik vasitələri
Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər
“tələyə düşmüş” Azərbaycan Respublikasının vətəndaşlarını aldadaraq
onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti
ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər.
Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün
“qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik
vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə
çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə
ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan
“ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik
vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit
şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa
müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri
aşılanır.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Azərbaycan
ərazisinə əsasən metamfetamin, metadon, heroin, kokain, qurudulmuş
marixuana, həşiş, tiryək kimi ənənəvi narkotik vasitələr və
psixotrop maddələr ixrac olunur və onların istehsal olunduğu
ölkələr sırasında Əfqanıstan, İran üstünlük təşkil edir. Türkiyə və
bir sıra Avropa ölkələrindən isə ekstazi, LSD və digər bu tip yeni
nəsil psixotrop maddələr ölkəmizə qaçaqmalçılıq yolu ilə
gətirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə
orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik
vasitələrinin daşınması ilə məşğul olan iri cinayətkar dəstələr
zərərsizləşdirildiyindən, hazırkı dövrdə ölkə ərazisində bu
kriminal fəaliyyətlə məşğul olan dəstələr əsasən orta və xırda
qruplardan ibarətdir və pərakəndə halda fəaliyyət göstərirlər.

Mövcud statistik məlumatlara əsasən, qeyd edilən kateqoriyaya
aid olan şəxslərin əksəriyyəti nəinki narkotik vasitələrin
qaçaqmalçılığı və qanunsuz dövriyyəsi, o cümlədən Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin digər maddələri ilə tövsif
olunan ağır cinayətlər törədirlər.

Onu da qeyd etmək lazımdır ki, rəqib və düşmən dövlətlərin
xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif
nöqtələrini” bildikləri üçün onları Azərbaycan Respublikasının
Konstitusiya quruluşuna və suverenliyinə qarşı yönəlmiş,
ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli
planlarına alət edə biləcəkləri istisna edilmir.

Bu səbəbdən bəşəri bəlaya çevrilən narkotik vasitələrə qarşı
mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə
cəmiyyətin vəzifə borcu kimi qiymətləndirilməli və bu mübarizə
davamlı və sistematik şəkildə aparılmalıdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidməti