Advertisement

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin “İdarəetmə bacarıqları” imtahanınına start verib

Bakı. Trend:

İyunun 8-i səhər saatlarından etibarən əyani mərhələnin son turu
olan “İdarəetmə bacarıqları” imtahanı start götürüb.

Trend xəbər verir ki, budəfəki mərhələ Dövlət İmtahan Mərkəzinin
elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər əvvəlcədən
seçdikləri 10:00 və ya 16:00-da imtahanda iştirak edə
biləcəklər.

Xatırladaq ki, əyani mərhələnin birinci turu olan “Qabiliyyət
imtahanı”nda iştirak edən 3801 namizəddən 1311 nəfəri “İdarəetmə
bacarıqları” imtahanında iştirak hüququ qazanıb.

İmtahanda iştirakçılara situasiya-mühakimə testləri üzrə 90
tapşırıqdan və tapşırıq üzrə atıla biləcək 4 variantdan ibarət 90
sual təqdim olunub. İmtahana ümumilikdə 3 saat 30 dəqiqə vaxt
ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları
bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq.
T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.)
tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən
bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab
olunur.

“İdarəetmə bacarıqları” imtahanının nəticələri 5-7 iş günü
ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar
(https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi
inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul
mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.