Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan
Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə birgə işlər nəticəsində muxtar respublikada da ötən ildən
sosial ödənişlərin proaktiv təyinatı həyata keçirilir.
Bu barədə Trend-ə nazirlikdən
məlumat verilib.
Bildirilib ki, Muxtar Respublikada artıq 11,3 min pensiya,
müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada
aparılıb:
“Beləliklə, həmin sosial ödənişlər onları almağa hüququ yaranmış
şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan
proaktiv qaydada təyin edilib.
Naxçıvan MR-də də artıq e-sosial.az portalı üzərindən pensiya
barədə məlumat ala bilmək, e-arayışlar əldə etmək və s.
e-xidmətlərdən istifadə imkanları yaradılıb.
Həmçinin son günlər “Ünvanlı yardım” e-sisteminin yenidən
qurulması nəticəsində sosial yardım üçün müraciət proseduru
təkmilləşdirilib”.
“Bunun nəticəsi olaraq, muxtar respublikanın sakinləri də
ünvanlı yardım üçün müraciət edərkən “Ərizə-bəyannamə”də bir çox
məlumatların qeyd edilməsi tələb olunmur və bu məlumatlar e-sistem
tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə
edilir”, – deyə məlumatda bildirilib.





























