Bakı. Trend:
İyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK
və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün
informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının
hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə
imtahan keçirir.
DİM-dən Trend-ə .bildirilib ki, informatika fənni üzrə imtahanda
11804, coğrafiya fənni üzrə imtahanda isə 6636 nəfərin iştirakı
nəzərdə tutulur.
İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar
ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər
təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala
daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə,
sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə
xüsusi təlim keçirilib.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Şamaxı,
Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda
təşkil olunacaq bugünkü imtahanlar saat 10:00-da başlanacaq. Saat
09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahana buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan
binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78
ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240
buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.
Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT
və TC altqruplarının hər ikisini seçən, lakin mayın 26-da və iyunun
2-də keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin bu
gün keçirilən informatika və ya coğrafiya fənləri üzrə əlavə
imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.





























