Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisində
noyabr ayında Xəzər dənizinin tədqiqi ilə məşğul olan regional
mərkəz yaradılacaq.
Trend xəbər
verir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov ADA
Universitetində ilk dəfə keçirilən “Caspian Blue Horizons” tədbiri
çərçivəsində “COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin
dayanıqlılığı üçün elm və biznesin sinerjisi” mövzusunda keçirilən
müzakirələrdə deyib.
“Ehtimalla, bu mərkəz Bakı limanının ərazisində fəaliyyət
göstərəcək, belə ki, burada lazımi ən müasir avadanlıqlar
mövcuddur”, – deyə o bildirib.
Onun fikrincə, Xəzər dənizi dünyanın ən az öyrənilən yerlərindən
biri olaraq qalır.
“Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb.
Lakin son onilliklər ərzində Xəzər dayazlaşmaqdadır və mənfi iqlim
dəyişiklikləri baş verir. İqlimlə bağlı məsələlərdə tədqiqat işləri
üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etmək, regiona beynəlxalq
investisiyalar, eləcə də akademik və elmi ictimaiyyətin
nümayəndələrini cəlb etmək vacibdir”, – deyə T.Ziyadov əlavə
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























