Bakı. Trend:
Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün
çox vaxımız olmadı.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının məşqçisi Arif
Əsədov deyib.
Sabah Qazaxıstanla keçiriləcək oyundan əvvəl təşkil olunun
mətbuat konfransında iştirak edən Əsədov heyətlə bağlı problem
olduğunu bildirib: “Daha çox futbolçuların fiziki və psixoloji
durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı
görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik.
Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul
Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən
sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola
bilər.
Millinin məşqçisi sabahkı qarşılaşmada daha çox hücumda oynamağa
çalışacaqlarını vurğulayıb: “Dominant oynamağa, hücumda çıxış
etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa
çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq.
Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar
olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər
görürük”.
Qeyd edək ki, iyunun 11-də keçiriləcək yoldaşlıq görüşü saat
18:00-da başlayacaq. Qazaxıstan – Azərbaycan oyunu Macarıstanın
Sombatxey şəhərində yerləşən “Haladas SportKomplexum”da
keçiriləcək.





























