Bakı. Trend:
Kredit təşkilatının rəhbəri barəsində olan cinayət işi məhkəməyə
göndərilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat
yayıb.
Bildirilib ki, “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli
Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş
material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.
İstintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov
Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin
adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat
Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon
manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi
adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının
ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə
məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli
miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və
313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə
barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri
seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.





























