Advertisement

Əs-Sisi Blinkenlə İsrail-HƏMAS müharibəsini müzakirə edib

Bakı. Trend:

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədə ABŞ-ın xarici
siyasət idarəsinin başçısı Antoni Blinkenlə keçirdiyi görüşdə
İsrail-HƏMAS müharibəsinin dayandırılmasının zəruriliyini
vurğulayıb. O əlavə edib ki, bu münaqişənin bütün Yaxın Şərq
regionuna yayılmasının qarşısı alınmalıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Misir Prezidenti
iyunun 10-da Qahirədə keçirilən görüşdə Qəzza zolağına humanitar
yardımın çatdırılmasına mane olan bütün maneələri aradan qaldırmağa
çağırıb.

O, həmçinin, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” həll
yolunun həyata keçirilməsi istiqamətində konkret irəliləyiş əldə
etməyin vacibliyini vurğulayıb.

Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamelin də iştirak
etdiyi görüşdə hər iki tərəf Qəzza zolağında atəşkəsə nail olmaq,
əsir və məhbusların mübadiləsi üçün birgə səyləri gücləndirmək
barədə razılığa gəliblər. Onlar, həmçinin, Qəzza sakinlərinə
humanitar yardımın çatdırılmasını təmin etmək üçün Misirin
səylərini vurğulayıblar.

Bundan əlavə, Əs-Sisi və ABŞ-ın yüksək səviyyəli diplomatı iki
ölkə arasında strateji tərəfdaşlığın möhkəmliyini, habelə müxtəlif
mövzular və məsələlər üzrə koordinasiyanı davam etdirmək niyyətində
olduqlarını təsdiq ediblər.

Blinken, öz növbəsində, ABŞ-ın regionda təhlükəsizliyin və
sülhün bərpası üçün iki ölkə arasında birgə işi və koordinasiyanı
davam etdirməkdə maraqlı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Prezident Co Baydenin irəli sürdüyü yeni
atəşkəs təklifini irəli sürmək məqsədi daşıyan növbəti Yaxın Şərq
turunun başlanğıcında Qahirəyə gəlib. Bu, Blinkenin İsrailin
Qəzzada müharibəsinin başlamasından bəri səkkizinci səfəridir.