Advertisement

Sahibə Qafarova Natalya Koçanova və İqor Sergeyenko ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına
rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika
Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri
İqor Sergeyenko ilə görüşüb.

Parlamentdən Trend-ə verilən
məlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüş
keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
davam etdirilib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan
Respublika Şurasının sədri Natalya Koçanova, Milli Məclis sədrinin
bu səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə
edib. O, qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr
deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə,
dostluq və qardaşlıq prinsiplərinə söykənir.

Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və
parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən
razılığını bildirərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi
köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin
bu möhkəm əsasa söykəndiyini söyləyib.

Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin hazırki
yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında
yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd olunaraq,
vurğulanıb ki, ali və yüksək səviyyədə həyata keçirilən səfərlər və
imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsini təmin edib.
Həmçinin qeyd olunub ki, son illərdə müxtəlif səviyyələrdə həyata
keçirilən qarşılıqlı səfərlərin sayının artması da
münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Qeyd olunub ki, bu günədək Azərbaycan və Belarus arasında
siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional
əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki,
bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün fundamental
əsaslar yaradıblar. Tərəflər həmçinin əməkdaşlığın müxtəlif
sahələrdə daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, bu
istiqamətlərdə mövcud imkanlarla bağlı fikirlərini ifadə
ediblər.

Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətini
əhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinin
əhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz beynəlxalq
təşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Bu günə
qədər ölkələrimiz beynəlxalq platformalarda bir sıra məsələlərdə
bir-birinə qarşılıqlı dəstək göstəriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və
Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da,
ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada
söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O,
parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyini
qeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də
beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından
məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət
çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində
əməkdaşlığın da önəmini qeyd edib.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin
qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə
verdiyi bildirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, dostluq
qruplarının sıx təmasları, parlament komitələri arasında müxtəlif
istiqamətlərdə əməkdaşlığın yaradılması əlaqələrimizin daha da
genişləndirilməsinə töhfə verə bilər.

Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın 30 il işğaldan
əziyyət çəkdiyini, 2020-ci ildə öz gücü hesabına əldə etdiyi qələbə
nəticəsində ərazi bütövlüyünü bərpa etdiyini, ötən il həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində
suverenliyini təmin etdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğal
zamanı bütün şəhər və rayonlarımız, infrastruktur, tarixi və
mədəniyyət abidələri, dini məbədlər tamamilə dağıdılıb, talan
olunub. O, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
həyata keçirilən və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına
əsaslanan nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən
yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı
əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyət
sahəsində əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilərək,
vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə daha da
yaxınlaşmasında xüsusi rol oynayır. Bildirilib ki, xalqlarımız
arasında dostluq əlaqələri mühüm əsaslara malikdir. Bu il Belarusun
faşist işğalçılarından azad edilməsinin 80-ci ildönümünün tamam
olduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların da
şücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxt
unutmadığı və yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Həmçinin,
qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, şəhərlərimiz arasında
qardaşlıq haqqında müqavilələrin imzalanması kimi tədbirlərin önəmi
diqqətə çatdırılıb.

Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və spiker Sahibə
Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin
Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament
konfransında iştiraka dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.