
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər
parkında Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil
edilib.
Trend xəbər verir ki, bayram
tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Birlik, bərabərlik, qardaşlıq bayramında əvvəlcə Novruzun ən
gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb.
Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, təhsil və
mədəniyyət müəssisələrinin kollektivləri öz sərgiləri ilə qonaqları
sevindiriblər. Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı
nümunələri nümayiş etdirilib.
İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan
Keçəllə Kosanın məzəli əhvalatları, Bahar qızın könülləri oxşayan
təbrik sözləri sakinlərə xoş ovqat bəxş edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz
bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını
çatdırıb. Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının
xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram
olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi
gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və
insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə
yaşadıqlarını diqqətə çatdırıb.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib. Milli
rəqslər, Vətənimizi tərənnüm edən musiqilər və şən mahnılar
xaçmazlıların bayran əhval ruhiyyəsini bir qədərdə yüksəldib.





























