Advertisement

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

Bakı. Trend:

Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS)
təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə
başlayıb. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi
İclası (AGM) keçiriləcək.

İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin
təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki
Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi
üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul
edilməsində iştirak edəcəklər. Builki tədbirin mövzusu ekoloji
dayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir.
İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl
texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail
olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin
təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Sammitin açılış mərasimində CANSO-nun baş direktoru Saymon
Hokkard, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un
müəyyən edilmiş prezidenti Muxtar Babayev, həmçinin videomüraciət
formatında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti
Salvatore Şakkitano çıxış ediblər.

“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinin
təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin
vacibliyini xatırladır. Azərbaycan ətraf mühitin mühafizəsi
sahəsində mühüm addımlar atıb. Bu mühüm müzakirəni burada, Bakıda
apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin
qorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərinin
zəruriliyini dərk edirik”, — deyə CANSO-nun baş direktoru Saymon
Hokkard açılış mərasimində bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib:
“Ümumdünya Aeronaviqasiya Sammiti 2024″ və CANSO-nun 28-ci İllik
Ümumi İclasına ev sahibliyi etmək Azərbaycanın aviasiya sektorunda
artan təsirini və liderliyini vurğulayır. Eyni zamanda bizim
innovasiyalara, mükəmməlliyə və beynəlxalq aviasiya təşkilatlarında
fəal iştiraka sadiqliyimizi əks etdirir. CANSO rəhbərliyinə bizə
etimad göstərdiyinə görə minnətdarlığımızı bildirmək
istəyirəm”.

“Gəlin bu tədbirdən fikir mübadiləsi aparmaq, ən yaxşı
təcrübələri bölüşmək və yeni əməkdaşlıqlar qurmaq üçün platforma
kimi istifadə edək. Bir araya gələrək bu sahə qlobal qaz
emissiyaları məsələsini həll edə və ümumi iqlim hədəflərimizə
əhəmiyyətli dərəcədə töhfə verə bilər”, — deyə ekologiya və təbii
sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar
Babayev bildirib.

AZANS haqqında

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın
hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh
olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının
tələblərinə yüksək səviyyədə cavab verir. Hazırda AZANS
Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit
uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici
aviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı —
hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini
formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90
faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava
məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası
istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya
miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün
sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi
məqsədilə bir araya gətirir.