Bakı. Trend:
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər üçün
cərimələr müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə
əksini tapıb.
Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini
idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının
pozulmasına, yəni:
338.4-1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan
avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər
zolaqlarla hərəkət edilməsinə;
338.4-1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla
hərəkət edilməsinə;
338.4-1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin
nişanlanması tələblərinin pozulmasına;
338.4-1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət
edilməməsinə;
338.4-1.5. sükanı tutmadan nəqliyyat vasitəsinin idarə
edilməsinə;
338.4-1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;
338.4-1.7. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4-1.8. sərnişin daşınmasına;
338.4-1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat
vasitələrinə yol verilməməsinə görə – qırx manat məbləğində cərimə
edilir.





























