Bakı. Trend:
Parklanmanın idarə edilməsinin SMS və proqram təminatı üzərindən
aparılmasının hüquqi əsasları təkmilləşdirilir.
Trend xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə
əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, parklanma yerləri ödənişli və
ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada
və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya
internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair
məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə ötürülür. Nəqliyyat vasitələrinin
parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı
tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti
və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin
ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət
qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin
aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə
ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir.
Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə inteqrasiya olunur.
Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünən
yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar
yerləşdirilir:
1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği
və parklanmaya görə ödəniş üsulları;
2) parklanma yerlərindən istifadə qaydaları;
3) bu maddənin XIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyat
vasitəsinin aparılacağı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə
məlumat;
4) parklanma qaydalarının pozulmasına görə məsuliyyət
tədbirləri.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15
dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat
vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma
müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan
biri vasitəsilə ödəniş edir.
Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi
parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş
parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş
üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi
nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən
və oxunan yerə qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma
yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə
ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş
müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir
və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Parklanmaya görə
ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən
ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin
istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda
nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin
edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin
mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə ötürülür.
Layihəyə əsasən, parkomat vasitəsilə ödəniş ləğv edilir.
Beləliklə, parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram
təminatı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Bu zaman
ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə
ötürüləcək.
Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği
müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin
yerləşdiyi zona, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla
müəyyən ediləcək. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından
daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən ediləcək. Ödənişli parklanma yerlərində
parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin
aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə
ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən
xüsusi texniki vasitələrlə həyata keçiriləcək. Xüsusi texniki
vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunacaq.
Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə
və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:
1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma
müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə
ödəniş üsulları;
2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış
xüsusi proqram təminatının QR-kodu;
3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri
barədə xəbərdarlıq.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15
dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Parklanma
yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya
xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini
başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini
tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma
müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu
maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş
etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə
ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman
ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı
vasitəsilə elektron qaydada həyata keçiriləcək. Əvvəldən ödəniş
edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs
parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat
vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə
ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə
ödəniş tələb olunmayacaq.
Parklanmaya görə ödəniş zamanı SMS və ya xüsusi proqram
təminatında baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata
keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi
ödəniş etmədən parklanma yerini tərk ediəcək. Bu halda nəqliyyat
vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə
görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə
məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürüləcək.
Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin
aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatı
SMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər.





























