
Bakı. Trend:
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri bütün dünyada
sağlamlıq nəticələrinin daimi yaxşılaşdırılmasının qarşısında duran
ən önəmli çağırışlardan biridir. Bu problem son 50 il ərzində əldə
edilmiş nailiyyətlərin əksəriyyətini təhlükə altında qoyur. İqlim
dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr Saharadan
cənubdakı Afrika və Cənub-Şərqi Asiya ölkələrdir, lakin heç bir
ölkə qlobal istiləşmənin sağlamlıq üçün artan təsirlərindən kənar
deyil.
Dünyanın iqlim gündəmi qlobal istiləşmənin insan sağlamlığına
təsirlərinə adekvat diqqət ayırmamaqdadır. Nəticədə, gələcək üçün
həyat qurtaran səhiyyə həlləri və iqlim dəyişikliklərinin neqativ
təsirlərinə qarşı dayanıqlı səhiyyə sistemlərinin yaradılmasına
kifayət qədər sərmaya qoyulmur. Qarşıdan gələn COP29 bizim
sağlamlığımızın iqlim müzakirələrinin mərkəzində yer alması üçün
unikal imkan yaradır.
Azərbaycan səhiyyə sektorunda texnoloji irəliləyişlərin tətbiqi
və insan sağlamlığının davamlı olaraq yaxşılaşdırılmasına yönəlik
səylər baxımından qabaqcıl ölkələrdəndir. Azərbaycan həm də
effektiv səhiyyə siyasəti nöqteyi-nəzərindən ön sıralarda dayanır –
bütün əhali üçün icbari tibbi sığortanın tətbiqi və universal tibbi
təminata nail olmaq məqsədi daşıyan davamlı islahatlar mühüm
addımlardır və ölkə səhiyyənin doğru idarə olunması baxımından
qlobal model rolunu oynayır. Bu ilin noyabrında COP29-a ev
sahibliyi etməklə Azərbaycanın səhiyyə sahəsində lider mövqeyini
nümayiş etdirmək, səhiyyəni iqlim dəyişikliyi ilə bağlı daha geniş,
qlobal müzakirələr çərvəsində layiqli mövqeyə gətirmək və gələcək
üçün iqlim danışıqlarında öz izini qoymaq baxımından unikal imkanı
var.
İyunun 18-dən 20-dək Bakıda keçiriləcək 2-ci illik Sağlam
Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammitinə ev sahibliyi etməyə
hazırlaşarkən əsas məqsədlərimizdən biri Azərbaycana məhz buna –
UNFCCC toplantılarında səhiyyənin müzakirəsi ənənəsini
möhkəmləndirən COP sədri kimi tarixə düşməyə – dəstək olmaqdır.
Qlobal çağırışlar qlobal həll yolları tələb
edir
İqlim dəyişikliyinin sağlamlığa təsiri çoxşaxəlidir və mövcud
vəziyyət həyəcan təbili çalmağa əsas verir. Həmçinin, yoluxucu
xəstəliklər artmaqdadır, malyariya və denq kimi vektorlarla
ötürülən xəstəliklər temperaturun artması və dəyişkən hava şəraiti
səbəbindən əhatə dairəsini genişləndirir.
Bu qlobal çağırışlar qarşısında uğurlu həllər innovasiyaya
əsaslanmağı tələb edir. Məsələn, iqlim məlumatlarının getdikcə daha
təkmilləşən mənbələrindən və süni intellektin gücündən istifadə
etmək iqlim dəyişikliyinin ən pis təsirlərini proqnozlaşdırmaq və
qarşısını almaq üçün perspektivli imkanlar yaradır. Dayanıqlı
enerji sahəsində irəliləyişlər iqlim şoklarına daha az həssas olan
dayanıqlı səhiyyə müəssisələri yaratmağa icazə verir. Lakin daha
çox innovasiya və investisiyaya ciddi ehtiyac var. İqlim
dəyişikliyinin sağlamlığa təhlükələrinin mahiyyətini tam başa
düşmək, yeni həll yolları müəyyən etmək, onların tətbiqi üçün lazım
olan resursları səfərbər etmək üçün ilk növbədə ortaq baxışa malik
qlobal iqlim və sağlamlıq icmasına ehtiyacımız var. Sağlamlığımızı
iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq məqsədinə sadiq
səhiyyə mütəxəssisləri, ətraf mühit alimləri, akademik
tədqiqatçılar, sənaye liderləri, siyasətçilər və maliyyə
institutları arasındakı vacib dialoqun reallaşması üçün foruma və
platformaya ehtiyacı var.
Sağlam Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammitinin məqsədi
COP-un dünyanın diqqətini iqlim dəyişikliyinin təsirlərinə
yönəltməsindən istifadə edərək müxtəlif aparıcı səsləri bir araya
toplamaq, həm iqlim, həm də səhiyyə sektorlarından olan liderlər
arasında müzakirələri asanlaşdırmaq üçün belə bir platforma təmin
etməkdir. COP29-dan əvvəl biz psixi sağlamlıq, qida və qidalanma,
dayanıqlı şəhər sistemləri, su resurları, sanitar nəzarət və iqlim
maliyyəsi daxil olmaqla geniş spektrdə problemlər və imkanları
araşdıraraq, iqlim dəyişikliyi kontekstində ən təsirli qlobal
sağlamlıq həllərini ortaya çıxartmaq və yaymaq missiyasındayıq.
COP29: Qlobal sağlamlığın irəlilədilməsi üçün
katalizator
Sağlam Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammiti ötən ilki
Abu Dabidə keçirilmiş ilk tədbirin uğuruna əsaslanır. Həmin
tədbirdə biz hökumət, özəl sektor, QHT, qlobal maliyyə institutları
və ali təhsildən 140 təşkilat və 40-dan çox ölkədən 200-ə yaxın
lideri bir araya gətirdik (qlobal cənubun hərtərəfli təmsilçiliyi
ilə). BƏƏ-nin COP sədrliyi ilə birlikdə biz bu platformadan
istifadə edərək “Sağlamlıq Günü”nü COP28-ə yeni bir giriş olaraq
elan etdik. Bu ayın sonunda biz bu müzakirələri daha da inkişaf
etdirmək üçün BƏƏ-dəkindən də çoxsaylı maraqlı tərəfləri Bakıya
gətirmək niyyətindəyik.
Azərbaycanda müxtəlif maraqlı tərəflərlə apardığımız
danışıqlarda COP29-da səhiyyəyə ön planda yer verilməsi üçün güclü
iradənin olmasını görmək sevindiricidir. Bakıda keçiriləcək sammit
qlobal iqlim müzakirələri çərçivəsində sağlamlığın davamlı şəkildə
möhkəmləndirilməsi istiqamətində mühüm addım və qlobal fəaliyyəti
gücləndirə biləcəyimiz platforma ola bilər. Bu, Azərbaycan üçün
güclü nümunə göstərmək və sağlamlığın iqlim siyasətinin bütün
aspektlərinə ayrılmaz bir məsələ kimi daxil edilməsində qlobal
liderlik nümayiş etdirmək üçün bir fürsətdir.
COP29 dünyaya kritik bir zamanda iqlim gündəmini yeniləmək üçün
fürsət yaradır. Dünyanın diqqətinin Bakıya yönəldiyi bir vaxta bu,
Azərbaycanın səhiyyə ictimaiyyətinə iqlim səhiyyəsi səhasində
ehtiyacları dünya liderləri qarşısında qaldırmağa və iqlim
dəyişikliyinin təzyiqlərinə baxmayaraq qlobal səhiyyə sahəsində
irəliləyişlər üçün katalizator rolunu oynamağa çağırışdır. Biz
birlikdə hamı üçün daha sağlam, daha möhkəm gələcək qura
bilərik.
Kelli Villis
Strateji Təşəbbüslər üzrə İdarəedici Direktor Sağlam Gələcəyin
Proqnozlaşdırılması



























