Bakı. Trend:
İstanbul Beynəlxalq Hava Limanı günəş enerjisi hesabına elektrik
enerjisi hasil etməklə bağlı iddialı planlara malikdir və dünyada
özünün elektrik enerjisinə olan ehtiyacını günəş enerjisi hesabına
qarşılayan lk hava limanı olacaq.
Trend xəbər
verir ki, bu barədə İstanbul Beynəlxalq Hava Limanının planlaşdırma
məsələləri üzrə direktoru İsmayıl Hakkı Polat Bakıda bu gün
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava
Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə Bakıda keçirilən
CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammitində çıxışında deyib.
“Bu il İstanbul hava limanında 200 meqavat gücündə günəş
elektrik stansiyasının tikintisinə 200 milyon avro investisiya
qoyacağıq. Beləliklə, enerji istehlak edən hava limanı deyil, onu
istehsal edən hava limanı olacağıq”, – deyə o qeyd edib.
O, həmçinin, dayanıqlı inkişafın Türkiyənin və Avropanın ən
böyük qovşağı olan İstanbul Hava Limanının inkişafında əsas amil
olduğunu vurğulayıb.
Xatırladaq ki, bu beynəlxalq hava limanı 2018-ci ilin payızında
istismara verilib. O, ildə 150 milyon sərnişinə xidmət göstərə
bilər, bu rəqəmi 200 milyon sərnişinə qədər artırmaq imkanı
var.
Hava limanı ən son texnologiya ilə təchiz olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























