Advertisement

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat elan edilib

Bakı. Trend:

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib
sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I
mərhələsini keçirəcək.

DİM-dən Trend-ə bildirilib
ki, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Namizədlər iyulun 1-dək DİM-in rəsmi internet səhifəsində
göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə
qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi – mühasibat uçotu üzrə imtahanda iştirak
etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə
uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan
keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri Üçün Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor Üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi
internet səhifəsində yerləşdirilib.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili,
imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış
şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı
bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar
mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri
üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar
mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd
aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda
keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının
FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi
barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA –
Chartered Institute of Management Accountants) F2 “Advanced
Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public
Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun
sertifikatına (ICFM (Institute of Certified Financial Managers) –
“Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib
sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor
üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA-
Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına
malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad
edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may
2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər
göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə
bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin
(diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına
malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil
haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas
təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet
səhifəsində yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər
mühasibatlıq sahəsində azı beş il iş stajı haqqında məlumat
göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan
keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək
kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən
yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana
buraxılış vərəqəsini və yaddaş kitabçasını çap edib götürə
bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected]
ünvanına göndərə bilərlər.