Advertisement

Demokratiyadan danışan təşkilatlar Ermənistanda polis zorakılığına susur – Deputat

Bakı. Trend:

Ermənistanda vətəndaşların aksiyalarına qarşı şiddət və güc
tətbiq olunur. Polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək
üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir. Lakin əfsuslar
olsun ki, başqa vaxt demokratiyadan danışan beynəlxalq təşkilatlar
susqunluq nümayiş etdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, son günlər Ermənistanda etiraz aksiyaları zamanı
polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər
yayılır.

“Özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən
beynəlxalq təşkilatlar və qurumlar insan hüquqlarının pozulması
həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol
açan hərəkətlərini susqunluqla müşahidə edir, heç bir bəyanat,
etiraz bildirmir.

Ermənistanda etiraz aksiyalarında nümayişçilər polis
zorakılığına məruz qalsa da, heç zaman bu məsələlər nə müzakirəyə
çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan
baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar”,
– deyə deputat bildirib.

Deputat qeyd edib ki, bütün baş verən proseslər onu göstərir ki,
Qərb institutları öz fəaliyyətlərini ikili standartlar üzərində
qururlar.

“Başqa ölkələrdə, o cümlədən, Azərbaycanda hər hansı bir xırda
nüans ifrat dərəcədə şişirdilərək təzyiq vasitəsi kimi istifadə
olunur. Görünən odur ki, Qərb institutlarını, beynəlxalq
təşkilatları maraqlandıran əslində insan hüquqları, demokratiya
deyil, öz çirkin maraqlarıdır. İnsan hüquqları və demokratiya onlar
üçün sadəcə olaraq pərdələnmək üçün bir vasitədir”, – deyə o əlavə
edib.