
Bakı. Trend:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc ziyarəti
mövsümü başlayıb.
Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin
təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc Ziyarətində
iştirakı təmin edilib.
Zəvvarlar arasında Qafqaz Müsəlmanları İdarəsinin vəsaiti
hesabına Həcc ziyarətinə göndərilən şəhid və qazi ailələrinin
üzvləri də var.
Xankəndinin azad edilməsi uğrunda aparılmış antiterror
əməliyyatında iştirak edərək şəhid olmuş əsgər Hüseyn Nəsibovun
atası Əfqan Nəsibov builki zəvvarlar arasındadır. 19 yaşlı əsgər
Hüseyn Nəsibov Goranboy rayonunun Qızılhacılı kəndindəndir.
19.09.2023-cü il tarixində antiterror əməliyyatlarında şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə
xidmət” ordeni ilə təltif edilib.
Şəhidimizin atası Əfqan Nəsibov deyir ki, digər şəhid
ailələrinin üzvləri kimi, onun da ödənişsiz əsaslarla Həcc
ziyarətinə getməsi təmin edilib.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500
nəfərlik kvota verilib.
Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu hökmlərindən və
İslam dininin təməl şərtlərindən biridir.
Mərhəmətli və Rəhimli Rəbbimiz bütün müsəlman ümmətinin Həcc
ziyarətini qəbul etsin!




























