
Bakı. Trend:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə
bağlı hərəkət iştirakçılarına müraciət edib.
Trend xəbər verir ki, Bakı Şəhər DYP İdarəsi qeyri-sabit hava
şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı
olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz
halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi,
nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola
çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların,
habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət
etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət
olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin
tormozlamadan çəkinməyi xahiş edir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz
növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə
tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət
iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan
davranışlardan çəkinməlidirlər.





























