Advertisement

Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir – Baş Prokurorluq

Bakı. Trend:

Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı
davam edir.

Trend xəbər verir ki bu barədə Baş Prokurorluğun Mətbuat
xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər
Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi
istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan
hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci
(ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış
cinayət işinin ibtidai istintaqı davam etdirilir:

“Cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik,
daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə
və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə
əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək
təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar
əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək
bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun
olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə
məlumatın verilməsi təmin olunacaqdır”.