
Bakı. Trend:
Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletlərin
qiyməti məlum olub.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin
tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri
Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, biletlərin qiyməti yerli turistlər üçün 5 manat,
xarici turistlər üçün isə 15 manatdır:
“Şəhid ailələri və qazilər, eləcə də, məktəblilər üçün giriş
pulsuzdur”.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları
dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq
vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer
kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu
Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq
vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar
qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq
Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından
izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan
(təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir
sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ
gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500
metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır.
Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi
mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata
rast gəlinmir.
Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib.
Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm
infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış
insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib.
Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və
emalatxanadan ibarətdir.
Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi
özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi
ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər
yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir.
Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü
yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və
neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə
böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”,
“Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın
həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində
Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının
skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda
yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən
bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu
eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji
ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər
ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən
ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının
zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan
və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ
qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir
sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin
paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və
məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda
heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda
müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir.
Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş
bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran,
Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan
ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş
etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən – Qobustandan
tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir
qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər.
İki hissədən ibarət sərginin birinci bölməsində palçıq
vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər
bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında
tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin
təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi
haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının
ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə
yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və
onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib,
turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada
panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya
qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək,
maraqlı vaxt keçirmək mümkündür.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin
rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb.
Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz
nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə
tura qoşulmaq imkanı əldə edəcəklər.
FOTOLAR: Seymur İsmayılov





























