Advertisement

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub (FOTO)

Bakı. Trend:

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP)
təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi
reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə
doğru” adlı beynəlxalq konfrans çərçivəsində “Türk dünyası-2040:
gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil
olunub.

Trend xəbər verir ki, sessiyanın moderatoru – Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov bundan əvvəlki sessiyalarda dərin, məzmunlu,
vacib əhəmiyyətli məsələlərin müzakirə edildiyini diqqətə
çatdırıb.

O, üçüncü sessiyanın “Türk dünyası-2040: gələcəyə konseptual
baxış” adlandırılmasının təsadüfi olmadığını vurğulayaraq deyib:
“Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk
dünyasının şahidiyik. Bu gün dünya öz istiqamətində, öz
inkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərində
strateji təhlil və konseptual baxış tələb edir. Atdığımız hər bir
addım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyata
keçirilir. Bunun da kökü var: Ümummilli Lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin siyasəti, Türk dövlətləri rəhbərlərinin,
prezidentlərinin görüşləri, gələcəyə baxışları”.

Səməd Seyidovun sözlərinə görə, 2009-cu ildə yaradılmış qurum
məhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə Türk
Dövlətləri Təşkilatı zirvəsinə yüksəlib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət
Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik
Fondunun İdarə Heyətinin sədri Aygün Attar Azərbaycanla Türkiyə
arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, bu sənəd, sadəcə, iki dövlət arasında strateji
ortaqlıq sənədi olmaqla qalmır, bütün Türk dünyasında birlik ruhunu
coşqu ilə tərənnüm edir. Şuşa Bəyannaməsi TDT-də də birliyi
gücləndirən amillərdən biridir.

“Hazırda Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və insani
tərəfləri ilə Türk İş Birliyinin gücü olma vəzifəsi və
məsuliyyətini daşıyır. İstanbulda keçirilən türk dövlət
başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası –
2040” vizyon sənədi Türk İş Birliyinin önümüzdəki 20 il içindəki
hədəflərini geostrateji yöndən gözlər önünə sərir. Dünya miqyasında
yaşanan hadisələr beynəlxalq, regional və qitələrarası mənada
strateji baxışa sahib olma zərurətini doğurub.

A.Attar qeyd edib ki, TDT-nın qurucu sənədi olan Naxçıvan
Bəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü və
sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn
əsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonunda da
öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan hədəflərin
reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı geosiyasi
yöndə gücünü artıracağını vurğulayıb.

Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra
edən Kayrat Osmonaliyev deyib ki, Türk Dövlətləri Təşkilatı
tamhüquqlu regional beynəlxalq təşkilat kimi xüsusi yer tutur və
dünya siyasətində tanınan amilə çevrilib.

Ölkəsinin hər zaman Türk dünyasında inteqrasiya prinsiplərinin
gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə
çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri
baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, mövcud şəraitdə Türk dünyası üçün təhlükəsizlik
sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb,
bu barədə ciddi düşünməliyik.

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji
tərəfdaşlıq formatında olduğunu diqqətə çatdıran qırğız diplomat
ölkəmizdə təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildirib
ki, Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla
xatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlik
münasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.

Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem
Kula bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri və qurumda
müşahidəçi qismində təmsil olunan ölkələr arasında iqtisadi
əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya əlaqələrinin
dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması
qarşıda duran əsas hədəflərdəndir.

Türk dünyasının 2040-cı ilə qədərki inkişaf strategiyasının bir
çox sahələri əhatə etdiyini diqqətə çatdıran Adem Kula vurğulayıb:
“Bunlardan ən prioritet olanlardan biri isə sözsüz, ortaq
iqtisadiyyatın inkişaf etdirilməsidir. Odur ki, Türk dövlətləri
arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması,
elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın sürətli
inkişafına nail olunması xüsusilə diqqətdə saxlanılmalıdır.

Baş katib qeyd edib ki, gələcəyə konseptual baxış qismində
nəzərə alınmalı vacib məsələlərdən biri də ayrı-ayrılıqda türk
dövlətlərinin iqtisadi inkişaf göstəricilərinin bərabər səviyyəyə
çatdırılmasıdır. A.Kula bu gün hələ də ortaq ticarəti təmin edən
heç bir mərkəzləşmiş qurumun olmadığını təəssüflə bildirərək deyib:
“TDT-yə üzv ölkələrin qarşılıqlı ticarət əlaqələri zamanı gömrük
rüsumlarının tamamilə aradan qaldırılması da öz həllini tapmalıdır.
Gömrüksüz, sərbəst ticarət bizim 2040-cı il hədəflərimizə daha tez
çatmağımızı şərtləndirəcək strateji addımlardandır”.

Adem Kula türk coğrafiyasının çox böyük arealı əhatə etdiyini,
eyni zamanda, bu coğrafiyada yerin üstü kimi altının da həddindən
artıq zəngin olduğunu bildirib. Belə ki, türk dünyası planetimizin
böyük ehtiyatlara malik neft-qaz, həmçinin digər təbii sərvətlələrə
malik bölgələrindəndir və gələcəkdə dünyanın geosiyasi mənzərəsində
mühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bu isə
Türk Dövlətləri Təşkilatının təkcə regional deyil, beynəlxalq
əhəmiyyətini də son dərəcə artırır, qurumun iqtisadi və siyasi
inkişafını şərtləndirir.

Türk Mədəniyyəti və İrsi Fondunun Layihə rəhbəri Nuri Aksu deyib
ki, Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən
“Türk Dünyası 2040 Vizyonu” sənədi bizim “Yol xəritəmiz”dir. Biz
“Yol xəritəsi”nə uyğun olaraq 2040-cı il hədəflərimizə doğru inamla
addımlayırıq.

Bayramlar münasibətilə xalqımızı təbrik edən layihə rəhbəri
TÜRKSOY, TDT, Türk Akademiyası və digər türk təşkilatlarının
fəaliyyətindən danışıb.

Ortaq dəyər və mədəniyyətimizin əhəmiyyətini qeyd edən Nuri Aksu
Türk dünyasının Türk Mədəniyyəti və İrsi Fondunun bu təşkilatlar
arasında ən gənc olduğunu deyib. Bildirib ki, mədəniyyət sahəsində
əlaqələrin inkişafı istiqamətində səylər davam etdirilir.