Advertisement

Azərbaycanlı zəvvarlar Məkkədə Həcc qurbanlarını kəsiblər (VİDEO)

Bakı. Trend:

Bu gündən dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı
başlayıb.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində
müqəddəs Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar Həcc
qurbanlarını kəsdirməyə başlayıblar.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı
zəvvarların Həcc Ziyarətində iştirakı davam edir. 15 iyunda Ərəfa
gününü başa vurduqdan sonra iyunun 16-da səhər saatlarından
başlayaraq Məkkədəki qurbangahlarda milyonlarla zəvvarların
qurbanları kəsilir. Bayramın üç günü ərzində qurbanların kəsilməsi
davam edəcək. Azərbaycandan olan ziyarətçilər əsasən bayramın ilk
günlərində qurbanlarını kəsdirirlər.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500
nəfərlik kvota verilib. Həcc ziyarəti üçün Azərbaycanlı zəvvarların
Həcc ziyarəti mərhələli şəkildə iyunun 4-dən başlayıb.

Həcc Ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun
1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti ilə
yekunlaşdırılması nəzərdə tutulur. İyunun 23-dən Azərbaycanın Həcc
missiyası Məkkədən Mədinə şəhərinə transfer edəcəklər. İyunun
26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışı
başlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycana
qayıdacaq.

Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə
yetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlara
bələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həcc
əməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət
edirlər.

Qeyd edək ki, Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu
hökmlərindən və İslam dininin təməl şərtlərindən biridir. Həccin
yekununda zəvvarlar İsmayıl qurbanını kəsdirərək ehramdan çıxmış
sayılırlar.