Advertisement

Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində artım olub – Vüqar Bayramov

Bakı.Trend:

Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım
qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın
8-dən etibarən artım müşahidə olunur.

Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan
168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur.

“Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.
Uzunmüddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə
alınır. Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın
1-də dəyişdirilərək, 8 faizdən 7.75 faizə endirilib. Uçot faiz
dərəcəsində azalmaya rəğmən, Mərkəzi Bankın notlarının gəlirliyində
artım müşahidə olunur.

Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri
də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla
müqayisədə, cəmi 0.05 faiz aşağı olmasıdır. Bu qısa müddətli
yerləşmələrə marağın artmasına, ortamüddətli notlara tələbin
azalmasına səbəb ola bilər.

Aydındır ki, Mərkəzi Bank orta və uzunmüddətli dövrlü notlara
daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu, maliyyə
qərarları baxımdan da vacibdir. Bu baxımdan, qısa və orta müddətli
notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin
tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və
zaman üzrə də optimallaşdırılmasına ehtiyac var.

Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1
milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə,
notların həcmi 33.16 milyon manat artıb”, – deyə V.Bayramov
bildirib.