Advertisement

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhid olan həkimlərin məzarlarını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də
imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb
İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Trend xəbər verir ki, tibb işçilərinin peşə bayramı ilə əlaqədar
səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki
müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə gül dəstələri qoyublar.

Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı
Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları
üzərinə də tər çiçəklər düzülüb.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin
məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olan həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər
güllər düzülüb.

Qeyd edək ki, Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif
dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi
təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid
olub.