
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30
nəfər ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə
təmin edilmək üçün ölkəmizə gətirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, Bakı şəhərində yerləşən
düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq
tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.
Daha sonra uşaqlar Bakı şəhərinə qısa tanışlıq turuna cəlb
ediləcəklər. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi,
həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ
abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı
qazanacaqlar.
Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup
terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda
psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad
dərslərinə cəlb olunması nəzərdə tutulur.
Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və
görməli yerləri ilə də tanış ediləcək.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların
emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə
inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-ə
yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji
reabilitasiya xidmətləri ilə təmin edilib.





























