Advertisement

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar (FOTO)

Bakı. Trend:

İyunun 18-də ölkəmizdə səfərdə olan Macarıstan Milli
Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq
qrupunun üzvləri Ağdamda olublar. Qonaqlar burada erməni
vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra
Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri
ilə tanış olublar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən bildirilib.

Sonra nümayəndə heyəti Ağdam Cümə məscidində olub, şəhərin
mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların
qalıqlarına baxıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin əməkdaşı onlara işğalçı Ermənistanın 30 il ərzində
Ağdam rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları,
o cümlədən mədəni, tarixi, dini abidələri məhv etmələri barədə
məlumat verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri
digər şəhər və kəndlər kimi Ağdam şəhərini də talayıb və yer
üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb,
təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan
qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işlərinə başlanılıb.

Daha sonra Prezidentin xüsusi nümayəndəliyinin düşərgəsinə gələn
nümayəndə heyətinə Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata
keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat
verilib.

Qonaqları Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov
müşayiət edib.