Advertisement

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İstanbul
Texniki Universiteti (İTU), Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) birgə
təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir
problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransın
açılış mərasimi keçirilib.

20-22 iyun tarixlərində davam edəcək beynəlxalq konfransın əsas
məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq
təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir
araya gətirərək dəqiq elmlər sahəsində mövcud elmi və praktiki
problemlərin müzakirə edilməsi olub.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə
Məmmədova beynəlxalq konfransın əhəmiyyətinə toxunub, fundamental
elmlərə dair tədqiqatların AzMİU-da prioritet istiqamətlərdən
olduğunu qeyd edib. Rektor bildirib ki, konfransa Azərbaycan və
dünya alimləri tərəfindən böyük maraq var və bu platforma qlobal
səviyyədə riyaziyyat, mexanika və tətbiqləri istiqamətində mövcud
problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyətə
malikdir.

Professor Gülçöhrə Məmmədova eyni zamanda konfransın AzMİU, RMİ
və İTU arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu və
AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmək hədəfinə sürətlə
yaxınlaşdığını deyib. Qeyd edib ki, son 20 ildə universitet ciddi
inkişaf yolu keçib. Hazırda AzMİU-da 11 mindən çox tələbə təhsil
alır, burada təcrübəli professor-dosent heyəti ilə yanaşı çoxsayda
gənc mütəxəssislərdən ibarət yüksək səviyyəli kadrlar çalışır. Son
dövrlər universitet həm mütəxəssis hazırlığı, həm də idarəetmə
strukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsində ciddi
islahatlar aparıb. Bakalavriatura və magistratura pillələrində
bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları
moderinləşdirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi və
effektiv istifadəsi təhsilin metodikasına bir çox yeniliklər
gətirib. Bunların nəticəsi olaraq mütəxəssis hazırlığının
keyfiyyəti yüksəlib, məzunlarımız əmək bazarında yüksək
qiymətləndirilərək öz ixtisasları üzrə yaxşı işlərlə təmin
olunub.

Professor universitetin Ali riyaziyyat kafedrasının fəaliyyətinə
də toxunub. Kafedranın elmi fəaliyyət və elmmetrik göstəriciləri
ilə digər kafedralardan fərqləndiyini deyib. Bu konfransın baş
tutmasının universitetin riyaziyyat və mexanika sahəsində elmi
fəaliyyətinin ilk göstərcisi olduğunu deyib.

Rektor çıxışı zamanı konfransın nəticələrinin beynəlxalq
indeksli jurnallara təqdim olunmasında göstərdiyi dəstəyə görə
Humboldt mükafatı alan ilk azərbaycanlı, hazırda Almaniyanın Münxen
şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində çalışan professor
Məsud Əfəndiyevə öz minnətdarlığını bildirib və alimlərimizin
qlobal arenadakı uğurlarının elmimiz üçün böyük motivasiya mənbəyi
olduğunu qeyd edib.

Son illər beynəlxalq konfranslara universitetimiz tərəfindən
xüsusi diqqətlə yanaşıldığı və alimlərin impakt faktorlu
jurnallarda nəşrlərinin realizasiyasında müsbət dinamika
yaşandığını diqqətə çatdıran Gülçöhrə Məmmədova bu məqsədlə
beynəlxalq konfranslarda iştirakın AzMİU üçün əsas prioritet
istiqamətlərdən olduğunu vurğulayıb. Çıxışının sonunda
həmtəşkilatçılara təşəkkür edən rektor dünya alimləri ilə birgə
diskussiyaların aparılmasının elmin inkişafına mühüm töhfələr
verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar
arzulayıb.

RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov
dünyanın sayılıb-seçilən çox qiymətli alimlərini bir araya toplayan
konfransın mövzusuna diqqət çəkib. Riyaziyyat və mexanikanın
tətbiqlərinin bütün sahələrə nüfuz etdiyini söyləyərək adıçəkilən
dəqiq elmlərin önəminə toxunub. Bu gün dünyada fərqli ölkələrdə
çalışan alimlərin birgə elmi işlər aparmasına böyük qiymət
verildiyini deyərək beynəlxalq konfransın həmin alimləri bir araya
toplamaq, dəqiq elmlər sahəsində mövcud elmi və praktiki
problemlərin həll yollarını axtarmaq baxımından əhəmiyyətli
olacağını söyləyib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor
Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış
nitqlərini İTU-nun Şimali Kipr filialının rektoru professor Murat
Sarı, dünya şöhrətli alim Məsud Əfəndiyev davam etdirərək dəqiq
elmlərin ölkədə inkişaf etdirilməsinin və dünya təcrübəsindən
yararlanmağın önəmini qeyd ediblər.

Plenar iclaslarda dünya şöhrətli riyaziyyatçı alim professor
Məsud Əfəndiyev, dünyada mexanika və aerokosmik mühəndislik
sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru
Abdulla Sofiyev, uzun müddət Avropa Riyaziyyatçılar Cəmiyyətinin
sədri olan Pavel Eksner və digər alimlərin məruzələri dinlənilib.
Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam
etdirib.

Qeyd edək ki, konfransa dünyanın qabaqcıl 21 ölkəsindən, o
cümlədən Türkiyə, Böyük Britaniya, İtaliya, Çin, Hindistan, Rusiya,
Qazaxıstan və Ukraynadan nüfuzlu alimlərin ən son elmi
nailiyyətlərinə dair 100-dən çox elmi məqalə təqdim olunub