
Bakı. Trend:
İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin
növbəti iclası keçirilib.
YAP-dan Trend-ə verilən xəbərə görə, iclasın gündəliyi barədə
məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir
Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə
edilmiş, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün
sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl
şəkildə həyata keçirilmişdir: “Bunun nəticəsi olaraq ölkəmiz özünün
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə
Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın
30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuş, ölkəmizin
ərazi bütövlüyü bərpa edilmiş, beynəlxalq hüququn norma və
prinsiplərinin aliliyi təmin olunmuşdur. 2023-cü ilin sentyabrında
həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı
birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin
fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün
ərazisində bərqərar edilmişdir. Hazırda işğaldan azad olunmuş
ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma
yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı
yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli
torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün
ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli
birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.
YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin dünyada nüfuzunun
daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana
etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin
dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası – COP29, Kioto Protokolunun
Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin
2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar
qəbul edilmişdir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi
sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili
“Yaşıl dünya naminə həmrəylik ili” elan edərək iqlim dəyişmələrinə
qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq,
COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza
atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa
Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli
sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ
və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət
olacaqdır”.
Tahir Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə
çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və
digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü
ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981
maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli
Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də
qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət
kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam
fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır.
Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət
dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik
səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da
təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə
seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament
diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması
sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil
etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə
çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis
dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və
seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış
etməlidir”.
Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin
üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal
Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova
parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu
əsaslandıraraq məsələyə münasibət bildiriblər.
Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının
Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli
Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi
barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması
üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar
qəbul edilib.





























