
Bakı. Trend:
“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə
sertifikatlaşdırılmış praktiki təlim proqramının Şəki modulu
fəaliyyətini başa vurub.
ADA Universitetinin Milan Politexnik Universiteti ilə birgə
təklif etdiyi sertifikat proqramında özəl və ya dövlət sektorunda,
eləcə də şirkət və müəssisələrdə çalışan təcrübəli memarlar və
tədqiqatçılar daxil olmaqla ümumilikdə 20 iştirakçı Şəkidə bir
araya gələrək tarixi ərazinin mühafizəsi, idarə edilməsi və
transformasiyası barədə müzakirələr aparıblar.
Milan Politexnik Universitetinin nümayəndə heyətinin də iştirak
etdiyi proqramda Universitetin rektor müşaviri, Dizayn və memarlıq
fakültəsinin professoru Silvia Ferraris açılış nitqi ilə çıxış
edib. Milan Politexnik Universitetində Restavrasiya üzrə dosent
Nora Lombardini və ADA Universitetində İtaliya ilə əlaqələr,
strategiya və inkişaf üzrə direktor Aynurə Hüseynova iştirakçılara
proqramın gündəliyi barədə məlumat veriblər.
Üç moduldan ibarət proqramın Şəki modulunda iştirakçılar
memarlıq irsinin tədqiqinin prinsipləri və üsulları ilə bağlı
seminarlarda iştirak ediblər. Seminarda Milan Politexnik
Universitetinin ekspertləri “bina sorğusunun necə aparılması”
mövzusunda çıxış ediblər. İştirakçılar, həmçinin tarixi binalara və
layihənin mövzusu olacaq Beş-Malikanə kompleksinə baş çəkərək yerli
tərəfdaşlarla görüşüblər. Keçmiş uşaq evinə – Zülfüqarovların
malikanəsinə, eləcə də yeni kampus ərazisinə səfər binaların
bərpası ilə bağlı vəziyyətin öyrənilməsi və yeni kampus ərazisinin
və beş malikanənin mədəni irs kimi qorunub saxlanılması və təkrar
istifadəsi üçün konsepsiyanın təklif edilməsi baxımdan mühüm rol
oynayıb.
Təlim zamanı qeyd edilib ki, proqram həm də paradiqmatik və
metodik cəhətdən təkrarlana bilən nəticələri hədəfləyib. Əlavə
edilib ki, iştirakçılar proqram çərçivəsində YUNESKO-nun beynəlxalq
qaydalarına (“ICOMOS” və “ICCROM”) uyğun mövcud qlobal
tendensiyalar və ən yaxşı beynəlxalq təcrübələri əsas götürərək
irsin təkrar istifadəsi və transformasiyası üçün həll yollarını
axtarıb və yerli şəraitə uyğunlaşdırma yollarını araşdırıblar.
Qeyd edək ki, ADA Universitetinin Memarlıq və Dizayn
fakültəsinin 2019-cu ildən YUNESKO-nun siyahısına daxil edilən və
irsi dəyərlər və strateji rolu əhəmiyyət kəsb edən Şəki şəhərində
açılması ADA Universitetinin bu dəyərlərin dirçəldilməsinə verdiyi
önəmin bariz təcəssümüdür.
Xatırladaq ki, Seritfikat Proqramının ikinci modulu Milanda,
sonuncu modulu isə Bakıda keçiriləcək. Son mərhələdə iştirakçılar
qruplara bölünərək Şəkidəki layihənin mövzusu ilə bağlı öz
təkliflərini əsaslandırmaq üçün layihə yönümlü işlər görəcəklər.
Həmin layihələr komandalar tərəfindən təhlil, sorğular, rəsmlər,
eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin
modellərlə təqdim olunacaq. Sertifikat proqramının sonunda
keçiriləcək konfransda bütün konsepsiya təklifləri ictimaiyyətə
təqdim ediləcək və ən yaxşı layihələr seçiləcək.





























