
Bakı. Trend:
İyunun 21-də keçirilən müəllimlərin sertifikasiyası imtahanın
ilk mərhələsində 8580 riyaziyyat müəllimi iştirak edib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Trend-ə
bildirilib ki, prosesin ilk günündə 97 faiz davamiyyət qeydə
alınıb.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də
daxil olmaqla ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində
təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində
təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına,
tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim
edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin
nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə
proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa
çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər
sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ
qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli
qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin
təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq
tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə
göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.





























