Advertisement

Pxenyan Cənubi Koreya ilə sərhəddə divar tikir

Bakı. Trend:

Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu
səddin inşasına başlayıb.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, bunu iki ölkə arasındakı sərhədin
yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili
göstərib. Belə ki, sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə
çatan ən az üç səddin tikildiyi görünüb. Onlar sərhədin şərq
hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də
baryerlərin tikildiyi istisna edilmir.

Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək
KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4
kilometr enində bufer xəttidir.

O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son
qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.