
Bakı. Trend:
İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul
imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirir.
DİM-dən Trend-ə bildirilib ki, imtahan vermək üçün 1373 namizəd
qeydiyyatdan keçib. Onlardan 1036 nəfəri Azərbaycan, 337 nəfəri isə
rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 543 nəfəri
oğlan, 830 nəfəri isə qızdır. 223 nəfər cari ilin, 522 nəfər
əvvəlki illərin məzunudur. 628 nəfər isə növbəti illərdə məzun
olacaq. On üç nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahan saat 10:00-da
başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də
buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmayacaq.
İmtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq
imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi
ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur.
Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və
imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron
cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər,
jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər
yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan
binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar
buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa
çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6
ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı
(mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.





























