Bakı. Trend:
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən
zəvvarların sayı 1300 nəfəri keçib.
Trend xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Fəhd
bin Abdel Rəhman əl-Cəlacel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların
83%-nin müvafiq vizası olmayıb”, – deyə nazir vurğulayıb.
Bildirilib ki, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli
istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə
orqanlarının əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçid
məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə
məcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xroniki
xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını
dəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş
verib.
Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki,
52 dərəcəyə çatıb.





























