Advertisement

Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 24-də Silahlı Qüvvələr günü münasibətilə Hərbi
Prokurorluqda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror
əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuları, o cümlədən
qazilər və 17 nəfər Vətən müharibəsi qəhrəmanı ilə görüş
keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, əvvəlcə Hərbi
Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə
Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi
insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra tədbir iştirakçıları tarixi şəxsiyyət Heydər Əliyevin,
ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik
sükutla anıb, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini – hərbi prokuror,
ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirakçıları, bütün
qaziləri və şəhid ailələrini Silahlı Qüvvələr günü münasibətilə
təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Hərbi prokuror
bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər
Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə
uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi
bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası,
sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin
və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ
proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən
çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan
azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli
inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması
prosesinin davamlılığı uğurla təmin olunur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki,
ölkəmizin sürətli tərəqqisinə və qazanılan ardıcıl uğurlara, eləcə
də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin
fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə
də rəvac verdiyini deyən hərbi prokuror Xanlar Vəliyev deyib ki,
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət
və qayğısı sayəsində son illər Silahlı Qüvvələrimizin maddi-texniki
bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir
silah-sursat, hərbi texnika və digər avadanlıqlarla
zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı
yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş
əhvali-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab
verən, istənilən döyüş tapşırığının yüksək səviyyədə yerinə
yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

Xatırladılıb ki, qeyd edilənlər hərbi uğurlarımızı şərtləndirib
və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq
törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də
antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və
qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı
Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və
yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz
təmin olunub.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən
Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə
şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından,
hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən,
prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti
vəzifələrini layiqincə icra etmələrindən danışaraq qazanılan
uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini vurğulayıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev diqqətə çatdırıb ki,
sentyabrda uğurla həyata keçirilən antiterror əməliyyatları bir
daha təsdiq etdi ki, “Dəmir yumruq” yerindədir, istənilən
təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin “başını əzməyə”
qadirdir.

Millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısı
İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər
zaman doğrultduğunu xüsusi vurğulayan hərbi prokuror Xanlar Vəliyev
əlavə edib ki, dövlət başçısı hərbi və siyasi-diplomatik yolla
ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini
də yerinə yetirib. Qeyd edib ki, dövlət başçısının müstəsna
fəaliyyəti digər dövlət başçılarına örnəkdir.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elşad Mirbəşir,
Səbinə Xasayeva və Əməkdar incəsənət xadimi, ehtiyatda olan
polkovnik Abdulla Qurbani, eləcə də çıxış edən digər şəxslər Vətən
müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə
olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə və
antiterror əməliyyatlarında Hərbi Prokurorluğun özünəməxsus
rolundan, onun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi,
Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən
bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində
iştirakçılarına, o cümlədən Vətən müharibəsi qəhrəmanlarına,
qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun
rəhbərinə, kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev igid oğullara
bir daha dərin təşəkkürünü bildirib və onlara hədiyyələr təqdim
edib. Qəhrəman Vətən övladları isə görüşdən məmnunluqlarını ifadə
etdilər.