Advertisement

Türkiyə-Aİ münasibətləri uğurla davam etdiriləcək – Hakan Fidan

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzvlük məsələsi Türkiyə üçün strateji
hədəf olaraq qalmaqdadır.

Trend xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri
Hakan Fidan Ankarada səfərdə olan İspaniyanın xarici işlər naziri
Xose Manuel Albares ilə görüşündən sonra mətbuata açıqlamasında
deyib.

Aİ qurumları ilə Türkiyə arasında münasibətlərin uğurla davam
etdiriləcəyinə əminliyini vurğulayan H.Fidan qeyd edib ki, üzvlük
perspektivi dəyişməyib və Türkiyə Avropa İttifaqından niyyət
bəyanatı gözləyir.

Xarici işlər nazirlərinin görüşündə təhlükəsizlik sahəsində
atılacaq addımlar, NATO çərçivəsində əməkdaşlığın perspektivləri,
Türkiyə ilə İspaniyanın müttəfiq ölkələr olaraq müdafiə sənayesi
sahəsində birgə layihələri, İsrail-Fələstin qarşıdurmasının həlli
və digər məsələlər müzakirə edilib.

İspaniyalı nazir İsrail-Fələstin münaqişəsinin danışıqlar yolu
ilə həlli istiqamətində Türkiyənin irəli sürdüyü sülh konfransını
ölkəsinin dəstəklədiyini bildirib.